Qüvvəyə minmə tarixi: 19 avqust 2026
Bu şərtlər Atropatena Digital («biz») ilə saytımızdan və Atropatena Studio panelindən istifadə edən şəxs («siz», «artist») arasındakı münasibəti tənzimləyir. Studio-da hesab yaradaraq və ya reliz göndərərək bu şərtləri qəbul etmiş sayılırsınız.
1. Hesab
Qeydiyyat zamanı doğru və aktual məlumat verməlisiniz. Giriş məlumatlarınızın qorunması sizin məsuliyyətinizdədir — hesabınızdan edilən bütün əməliyyatlar sizin adınıza edilmiş sayılır. 18 yaşınız tamam deyilsə, valideyn və ya qanuni nümayəndənizin razılığı olmadan hesab yarada bilməzsiniz.
2. Göndərdiyiniz məzmuna görə tam məsuliyyət daşıyırsınız
Platformaya audio, kover şəkli, mətn və ya hər hansı digər material yükləyərkən siz təsdiq edirsiniz ki:
— materialın müəllif və ifaçı hüquqları sizə məxsusdur, yaxud ondan istifadə üçün lazım olan bütün icazələrə sahibsiniz;
— materialda üçüncü şəxslərə məxsus heç bir sempl, mahnı hissəsi, instrumental, bit, vokal və ya şəkil icazəsiz istifadə olunmayıb;
— əsərin bütün iştirakçıları (bəstəkar, söz müəllifi, aranjimançı, digər ifaçılar, prodüser) ilə payların bölgüsü barədə razılaşmısınız və onların relizə etirazı yoxdur;
— material üçüncü şəxsin hüquqlarını, o cümlədən şəxsi həyat, ad və təsvir hüquqlarını pozmur;
— göndərdiyiniz məlumatlar (artist adı, mahnı adı, iştirakçılar, reliz tarixi) doğrudur.
Bu təsdiqlərdən hər hansı biri doğru olmadıqda, bütün hüquqi və maddi məsuliyyət tamamilə sizin üzərinizə düşür.
3. Qəbul edilməyən məzmun
İcazəsiz sempl və kover versiyaları, başqasının səs yazısı, lisenziyasız bit, saxta və ya yanıldıcı metadata, nifrət nitqi, qanunsuz məzmun, habelə başqa artistin adı ilə və ya ona oxşadılmış adla göndərilən relizlər qəbul edilmir. Süni intellektlə yaradılmış səs və ya vokal istifadə etmisinizsə, bunu reliz formasında qeyd etməlisiniz.
4. Bizim hüquqlarımız
Biz istənilən relizi qəbul etməmək, artıq yayımlanmış relizi mağazalardan geri çəkmək, hüquq pozuntusu iddiası olduqda həmin relizə aid ödənişləri iddia həll olunanadək saxlamaq və təkrar pozuntu halında hesabı bağlamaq hüququnu saxlayırıq.
Mağazalar (Spotify, Apple Music və digərləri) da öz qaydalarına əsasən relizi rədd edə və ya silə bilər — bu, bizim nəzarətimizdən kənardır.
5. Zərərin ödənilməsi
Göndərdiyiniz məzmuna görə üçüncü şəxs bizə və ya tərəfdaşlarımıza qarşı iddia qaldırarsa, bütün nəticələrə — cərimələr, məhkəmə xərcləri, hüquqi yardım haqqı və mağazaların tətbiq etdiyi sanksiyalar daxil olmaqla — siz cavabdehsiniz. Zərurət yaranarsa, bu məbləği sizə çatası royalti ödənişlərindən tutmaq hüququmuz var.
6. Hüquqlar kimə məxsusdur
Musiqiniz sizin qalır — biz onun sahibi olmuruq. Yalnız sizin adınızdan mağazalara çatdırılması, yayımlanması və royaltinin yığılması üçün lazım olan hüququ alırıq. Hesabınızı bağladıqda relizlərin mağazalardan çıxarılması üçün müraciət edə bilərsiniz.
7. Paketlər və ödənişlər
Paketlərin qiyməti və əhatə dairəsi qiymətlər səhifəsində göstərilir. Royalti hesabatları mağazalardan gəldikcə panelə əlavə olunur; ödənişlər sizin göstərdiyiniz bank rekvizitlərinə köçürülür. Yanlış bank məlumatı səbəbindən yaranan gecikməyə görə məsuliyyət daşımırıq.
8. Hesabın bağlanması
Hesabınızı istənilən vaxt bağlaya bilərsiniz. Bu şərtlər pozulduqda biz də hesabı dayandıra və ya bağlaya bilərik. Hesab bağlandıqdan sonra da 2 və 5-ci bəndlərdəki öhdəlikləriniz qüvvədə qalır.
9. Şərtlərin dəyişdirilməsi
Bu şərtləri yeniləyə bilərik. Əhəmiyyətli dəyişiklik olarsa, sizi e-poçt və ya Studio paneli vasitəsilə xəbərdar edəcəyik.
10. Tətbiq olunan qanun
Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Şərtlərin Azərbaycan dilindəki mətni əsas sayılır; digər dillərdəki tərcümələr yalnız məlumat xarakteri daşıyır.
Əlaqə
Suallar üçün bizimlə əlaqə saxlayın.